Xəzərin dayazlaşmasının nəticələrinə qarşı böyük layihə hazırlanır

Gələcəkdə yeni rəqəmsal alətlər geniş ictimaiyyətə Xəzər dənizinin ekoloji vəziyyətinin monitorinqində iştirak etmək imkanı verə bilər. Söhbət xüsusi tətbiqlərdən və digər kommunikasiya formalarından gedir. Bu vasitələrin köməyi ilə vətəndaşlar tərəfindən toplanan məlumatlar vahid informasiya şəbəkəsinə ötürülə bilər.

Bunu Beynəlxalq Xəzər Günü münasibətilə keçirilən “Caspian Senses Observatory” ekoloji və inklüziv proqramı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) regional koordinatoru, Tehran Konvensiyası Katibliyinin rəhbəri Mahir Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, belə bir yanaşma Xəzər dənizinin vəziyyəti barədə bilikləri genişləndirməyə və hər bir insanı ətraf mühitin potensial tədqiqatçısına çevirməyə imkan verəcək.

“Xəzərin ekoloji sağlamlığına görə hər bir insan məsuliyyət daşıyır”, – deyə M.Əliyev qeyd edib.

O vurğulayıb ki, belə bir mədəniyyətin uşaqlıqdan formalaşdırılması xüsusilə vacibdir. Onun sözlərinə görə, inklüziv təşəbbüslər xüsusi qayğıya ehtiyacı olan uşaqlara müxtəlif qavrama imkanlarından – görmə, toxunma, qoxu duyğusu və digər hisslərdən istifadə etməklə ətraf mühitin müşahidəsində birbaşa iştirak etməyə imkan verir.

Tehran Konvensiyasının gələcək fəaliyyət istiqamətlərindən danışan M.Əliyev bildirib ki, yaxın illərdə dəniz tullantılarının toplanması və Xəzər dənizinin plastiklə çirklənməsi, eləcə də onun sahilyanı ərazisinin mühafizəsi üzrə kompleks tədbirlərlə bağlı bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, müvafiq layihənin Azərbaycanda və digər Xəzəryanı ölkələrdə həyata keçirilməsi və sahilyanı ərazinin inkişafı və qorunmasına dair ümumi yanaşmaların formalaşdırılması nəzərdə tutulur. Bundan əlavə, Xəzər dənizinin Xəzəryanı ölkələrin hər birinə aid sektorlarında qorunan dəniz ərazilərinin inkişafını nəzərdə tutan dayanıqlı inkişaf prinsiplərinin tətbiqi ilə bağlı layihənin həyata keçirilməsi planlaşdırılır.

“Gələcəkdə Xəzərin dayazlaşmasının nəticələrinin qarşısının alınması üçün tədbirlərin hazırlanmasına dair böyük layihə üzərində işləyirik”, – deyə Tehran Konvensiyası Katibliyinin rəhbəri bildirib.

O qeyd edib ki, hazırda Xəzəryanı ölkələrin qəbul etməli olduğu fəaliyyət planının hazırlanması istiqamətində iş aparılır. Gələcəkdə bu sənəd Xəzər dənizinin dayazlaşmasının nəticələrinin qarşısının alınması üçün konkret layihələrin və praktiki tədbirlərin hazırlanmasına əsas yarada bilər.
  • Sosial şəbəkədə paylaş