Rusiya Krivoy Roqdakı ticarət mərkəzinə zərbə endirib, azı 2 nəfər ölüb

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.

"Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib", - Qanja qeyd edib.

Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında 6 uşaq var.

Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və arta bilər.
  • Sosial şəbəkədə paylaş