Bilal Ərdoğan: Gələcəkdə "Ərdoğan dövründə yaşayanlar" anlayışı olacaq

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının tədbirində səslənən sözlər diqqət çəkib.

Elm Yayma Cəmiyyəti İdarə Heyətinin sədri Bilal Ərdoğan çıxışı zamanı atasının rəhbərliyi dövrünü tarixi mərhələ kimi qiymətləndirib.

AK Partinin İstanbul İl Başkanlığı tərəfindən “Hər məhəlləsi, hər hekayəsi ilə İstanbul” və “İstanbulda bir olmaq” mövzularında təşkil olunan məhəllə başqanlarının məşvərət və qiymətləndirmə düşərgəsi Ankarada keçirilib. Tədbirdə çıxış edən Bilal Ərdoğan “Rəcəb Tayyib Ərdoğanın övladı olmaq necə hissdir?” sualına cavab verərkən belə deyib:

“Çox gözəl bir duyğudur. Təkcə oğlu olaraq deyil, Türkiyəni izləyən biri kimi də özümü çox şanslı hiss edirəm. Gələcəkdə ‘Ərdoğan zamanında yaşayanlar’ deyə bir anlayış olacaq”.

Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Çıxışın video görüntüləri də yayılıb və qısa müddətdə böyük izlənmə toplayıb.
  • Sosial şəbəkədə paylaş