BMT İsrailin müraciətindən sonra öz qərargahını Qəzza zolağının cənubuna köçürüb

Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin Qəzza zolağındakı əməliyyat qərargahını anklavın cənubuna köçürüb.

Bu barədə agentliyin “X” sosial şəbəkə hesabında məlumat verilib.

“Agentlik öz operativ qərargahı və beynəlxalq işçi heyətini cənuba Qəzza bölgəsində humanitar əməliyyatları davam etdirmək üçün köçürür”, - deyə məlumatda qeyd olunur.

Bundan öncə İsrail Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayaraq 1,1 milyon fələstinlinin 24 saat ərzində Qəzza zolağının cənubuna köçürülməsini tələb etmişdi.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi Yaxın Şərq regionunda beş milyondan çox fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.
  • Sosial şəbəkədə paylaş