Misir Efiopiyanın Nil çayı üzərində yeni bəndlər inşa etmək planından narahatdır

Efiopiya Nil üzərində ümumi gücü təxminən 5700 meqavat olacaq Karadobi, Mandaya və Beko Abo layihələrini yenidən gündəmə gətirib.

APA xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalının hazırladığı materialda deyilir.

Məlumata görə, Addis-Ababa bu layihələri elektrik enerjisi istehsalının artırılması və iqtisadi inkişaf üçün vacib hesab edir.

Misir isə Nil çayını əsas su mənbəyi və milli təhlükəsizlik məsələsi sayır. Qahirə xüsusilə quraqlıq dövründə bəndlərdən suyun buraxılması ilə bağlı narahatdır və Efiopiyadan bu proseslə bağlı məcburi qaydalar, məlumat mübadiləsi və əvvəlcədən xəbərdarlıq mexanizmləri tələb edir.

Məsələ Efiopiyanın 2025-ci ilin sentyabrında Böyük Efiopiya İntibah Bəndini (GERD) istifadəyə verməsindən sonra daha da aktuallaşıb.

Misir yeni layihələrin qarşısını tam almaq əvəzinə onların layihələndirilməsi və istismar qaydalarına təsir göstərməyə çalışır.

Ekspertlər hesab edirlər ki, Misirin Efiopiyaya təsir imkanları məhduddur. Onların fikrincə, ən real çıxış yolu Efiopiya, Misir və Sudan arasında suyun idarə olunması və quraqlıq dövründə fəaliyyət qaydaları barədə razılaşmanın əldə edilməsidir.
  • Sosial şəbəkədə paylaş