Spirtdən ölümlərin ilginc səbəbi - ucuz araq qıtlığı

“Alkoqollu içkilər bazarında böyük problemlər yaşanır”
Bakıda daha üç nəfər texniki spirtdən zəhərlənərək ölüb. Hadisələr Sabunçu, Nizami və Səbayel rayonlarında qeydə alınıb. Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımovun, Nizami rayonunda 45 yaşlı A. İsayevin, Səbayel rayonunda isə 43 yaşlı Sadiq Əzizxan oğlu Səmədovun etil spirtindən zəhərlənərək öldükləri məlum olub. Bununla da Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 19-a çatıb. Rəsmi məlumatına görə, “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Səbuhi Xanhüseynovun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub. Onun barəsində artıq həbs qərarı verilib.

Spirtli içkilər dünya bazarında ən çox istehlak edilən məhsullar sırasına daxildir. Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışına minimum qiymətin müəyyənləşdirilməsi istiqamətində mühüm addım atılıb. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna yeni - 29-1-ci maddə əlavə olunub. Dəyişikliyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan edilir. Layihəni o vaxt Milli Məclisə təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov demişdi ki, bazarda 1-3 manata araq məhsulları satılır: “Halbuki 1 litr araq üçün aksiz vergisi 4,8 manatdır. Bu necə ola bilər ki, 1-3 manata araq satıla bilər?! Burada vergidən yayınma halı var”.

Qeyd edək ki, qanunvericilikdəki dəyişikliklə yanaşı, iyulda Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (həcm faizi 80 və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.

Bu, saxta spirtli içkidən ölüm hadisəsinin qeydə alındığı ilk hal deyil. Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olub. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.
  • Sosial şəbəkədə paylaş