Suriyada prezident seçkiləri keçiriləcək

Suriyada yeni konstitusiyaya əsasən dörd ildən sonra prezident seçkiləri keçiriləcək.

Bu barədə Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şaraa Doha Forumunda çıxışı zamanı bildirib.

"Biz hərtərəfli milli dialoq konfransı keçirdik və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə beş il hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Bu müddət ərzində çoxlu qanunlar qəbul ediləcək və hökumət sisteminin təməl prinsipi olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik", - deyə əş-Şaraa əlavə edib.

O, keçid hökumətinin “ölkənin düşdüyü çətin şəraitə baxmayaraq” parlament seçkilərini təşkil etdiyini qeyd edərək, bu prosesin tam infrastrukturun olmadığı şəraitdə “mövcud vəziyyətə uyğun” baş verdiyini vurğulayıb.

Martın 13-də əş-Şaraa beş illik keçid dövrü üçün Suriyanın hüquqi əsasını təşkil edən konstitusiya bəyannaməsini imzalayıb. Sənədə əsasən, bütün icra hakimiyyəti dövlət başçısına məxsusdur. Prezident Konstitusiya Məhkəməsinin üzvlərini təyin etmək və fövqəladə vəziyyət elan etmək səlahiyyətinə malikdir.
  • Sosial şəbəkədə paylaş