Şəmkirdə 26 yaşlı Əmrah Məmmədov intihar etdi – yaxınları inana bilmir: “İnanclı, vətənpərvər, sakit bir gənc idi”

Şəmkir rayonunun Sabirkənd kəndində dəhşətli hadisə baş verib.

1999-cu il təvəllüdlü kənd sakini Əmrah Məmmədov özünü asaraq intihar edib.

Məlumata görə, gəncin meyiti yaxınları tərəfindən tövlədə asılmış vəziyyətdə tapılıb. Hadisə dərhal hüquq-mühafizə orqanlarına bildirilib və Şəmkir Rayon Prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.

Mərhumun yaxınlarının verdiyi eksklüziv məlumata əsasən, Əmrah Məmmədov inanclı, vətənpərvər və zərərli vərdişləri olmayan bir gənc kimi tanınıb. Onun intihar etməsi ailəsi, qohumları və tanıyanlar üçün tamamilə gözlənilməz olub. Yaxınları bildirir ki, Əmrah sakit, təmkinli və həyat dolu bir insan idi:

“Heç bir depressiya, ailədaxili problem, ya da şəxsi sıxıntı hiss etməmişdik. Hələ də inana bilmirik. Əmrah bunu edə bilməzdi…”

Əmrahın telefonu araşdırma məqsədi ilə istintaq tərəfindən götürülüb.

Onu da qeyd edək ki, Əmrah Məmmədov ABŞ -da yaşayan tanınmış jurnalist və diaspor fəalı Zaur Bayramlının dayısının oğludur.
  • Sosial şəbəkədə paylaş