Bu gün Xəzər Günüdür

Avqustun 12-si Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür.

2006-cı ilin məhz bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

Təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi tanınan həmin saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Xəzər dənizinin səviyyə tərəddüdləri

Son 200 ildə Xəzər dənizində suyun səviyyəsi üç dəfə qalxıb və bir o qədər də enib. Konkret olaraq deyə bilərik ki, 1855-1885-ci ildə səviyyə 80 santimetr qalxıb, 1886-1910-cu illərdə 100 santimetr düşüb, 1911-1929-cu illər arasında 30 santimetr artım, 1930-cu ildən 1977-ci ilə qədər 3 metrə qədər azalma müşahidə olunub. Sonrakı illərdə, yəni 1978-1995-ci illərdə Xəzərin səviyyəsi 2.5 metr qalxıb, 1996-cı ildən 2025-ci ilə qədər 2.55 santimetr düşüb. Göründüyü kimi, Xəzərin səviyyəsi daimi dəyişir. Son dörd min illik müşahidələr göstərdi ki, Xəzərin səviyyəsi hər 200-250 ildən bir qalxır. Bu, periodik olan prosesdir.

Xəzərdə sonuncu ən yüksək səviyyə 1805-ci ildə müşahidə olunub. Həmin vaxtdan bu günə qədər Xəzərin səviyyəsi ümumi halda enmədədir. Təxmin edilir ki, səviyyə daha 1-1.5 metr də düşəcək. Əsrin ortalarına yaxın, yəni 2040-2050-ci il arasında həmin proses dayanacaq və yenidən qalxma prosesi baş verəcək.

Son 200 ildə Xəzərin dəyişmə amplitudası təxminən 4 metrə yaxındır. Maksimum səviyyə Baltik sistemi ilə -25 metr, hazırda isə - 29 metrdən də aşağıdır. Dəyişmə amplitudası 4 metri keçib.
  • Sosial şəbəkədə paylaş