Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaranmasının 8-ci ildönümüdür. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflığı, operativliyi və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yaradılan DOST layihəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. 2019-cu il mayın 9-da isə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk DOST mərkəzinin açılışı olub.

7 mərkəz, 164 xidmət, 98 faizlik vətəndaş məmnunluğu

Hazırda ölkə üzrə 7 DOST mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində yerləşir, 1-i Abşeron Regional DOST Mərkəzi, digəri isə Qarabağ Regional DOST Mərkəzidir. Bundan əlavə, Şuşada DOST qəbul şöbəsi, Kəlbəcər ilə Füzulidə qəbul məntəqələri, Tərtərdə və Neftçalada DOST qəbul şöbələri fəaliyyət göstərir. Zəngilan rayonunun Ağalı kəndində isə Smart DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.

Mərkəzlərdə 15 istiqamət üzrə 164 xidmət göstərilir. Yarandığı gündən etibarən Agentliyin əsas məqsədi vətəndaş məmnunluğunu təmin etmək, göstərilən xidmətləri daim inkişaf etdirmək və keyfiyyətini artırmaq olub. Bu gün DOST mərkəzlərində vətəndaş məmnunluğu 98 faiz təşkil edir.

Belə ki, xidmət başa çatdıqdan sonra vətəndaşlar DOST mərkəzlərində yerləşdirilən planşetlər vasitəsilə qiymətləndirmə aparırlar. Bundan əlavə, binanı tərk edərkən DOST könüllüləri tərəfindən də qiymətləndirmə həyata keçirilir.

Vətəndaşlar DOST mərkəzlərində həm onlayn, həm də canlı növbə götürə bilirlər. Onlayn növbələr internet resursları vasitəsilə əldə olunur və vətəndaşlar əvvəlcədən seçdikləri vaxtda növbə gözləmədən xidmət ala bilirlər. Mərkəzlərə azyaşlı övladları ilə birgə gələn vətəndaşlara da DOST könüllüləri tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

Agentlik yarandığı gündən xidmətlərin elektronlaşdırılmasını, proaktivləşdirilməsini və vətəndaşlar üçün əlçatanlığın artırılmasını qarşısına hədəf qoyub. Hazırda göstərilən xidmətlərin 90 faizi elektronlaşıb, onlardan 60-a yaxını isə proaktiv xidmətlərdir. Gələcəkdə əsas məqsəd bütün xidmətləri elektronlaşdırmaq, proaktiv xidmətlərin sayını artırmaq və bu xidmətlərin əlçatanlığını daha da genişləndirməkdir.

AZƏRTAC-ın əməkdaşları DOST Agentliyinin yaranmasının 8-ci ildönümü ilə əlaqədar 1 saylı Bakı DOST Mərkəzinə gedərək qurumun fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla söhbət edib, vətəndaşların fikirlərini öyrəniblər.

Gündə 4300-dən çox müraciət və elektronlaşma

DOST Agentliyinin Xidmətlər Departamentinin müdiri Gündüz Mehdiyev AZƏRTAC-ın əməkdaşına bildirib ki, ümumilikdə bu günə qədər DOST mərkəzlərinə 4 milyondan çox müraciət daxil olub. Gün ərzində isə orta hesabla 4300-dən çox müraciət qəbul edilir: “Təkcə 1 saylı Bakı DOST Mərkəzinə gündəlik orta hesabla 800-1000 nəfər müraciət edir”.

O deyib ki, ən çox müraciət olunan xidmətlər sosial müdafiə istiqaməti üzrədir və bu, ümumi müraciətlərin 60 faizdən çoxunu təşkil edir. “Buraya əmək pensiyaları, sosial müavinətlər və Prezident təqaüdləri daxildir. Vətəndaş məmnunluğu bizim üçün əsas göstəricilərdən biridir. Əsas hədəfimiz elektronlaşma və xidmətlərin proaktiv şəkildə təqdim olunmasıdır. Bu istiqamətdə süni intellekt imkanlarından da istifadə edirik. Hazırda elektron xidmətlərimiz 80 dövlət qurumu ilə inteqrasiya olunub. Bu da vətəndaşların müxtəlif dövlət qurumlarına ayrıca müraciət etmədən zəruri məlumatları əldə etməsinə imkan yaradır”, - deyə departament müdiri qeyd edib.

İcbari tibbi sığorta xidmətləri DOST-da

Gündüz Mehdiyev deyib ki, ahıl, əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün evdə səyyar xidmət də təqdim edilir. Məqsəd bu kateqoriyadan olan şəxslərin həyat keyfiyyətini yüksəltməkdir. Son dövrlərdə DOST xidmətlərinə icbari tibbi sığorta üzrə xidmətlər də əlavə olunub. Hazırda bu istiqamətdə üç xidmət təqdim edilir. Onlardan ikisi hüquqi şəxslərlə bağlıdır. Vətəndaşlar isə əsasən Azərbaycanda icbari tibbi sığortalarının olub-olmaması barədə arayış almaq üçün müraciət edə bilirlər. Bu arayış xüsusilə xarici ölkələrə müraciət zamanı tələb olunan sənədlərdən biridir. Bundan başqa, məşğulluq xidmətləri və özünüməşğulluq proqramları da vətəndaşlar arasında böyük maraq doğurur. Bu proqramlardan yararlananların əhəmiyyətli hissəsini gənclər təşkil edir.

Operativ, şəffaf və nəzakətli xidmət

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşı Günel Cabbarlı artıq 8 ildir ki, vətəndaşlara xidmət göstərdiyini bildirib.

Onun sözlərinə görə, DOST mərkəzlərinin əsas məqsədi “Bir pəncərə” prinsipi əsasında operativ, şəffaf və nəzakətli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir. Günel Cabbarlı diqqətə çatdırıb ki, gün ərzində orta hesabla 20-30 vətəndaşa xidmət göstərir. Müraciətlər əsasən sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin təyin edilməsi ilə bağlı olur. Vətəndaşların müraciətləri diqqətlə dinlənilir, onlara lazımi izahat verilir və xidmətlərin operativ şəkildə göstərilməsi təmin edilir. Müraciətlərin əksəriyyəti 5-6 dəqiqə ərzində yekunlaşdırılır. Lakin müraciətin növündən asılı olaraq bu müddət dəyişə bilər.

Vətəndaşlar DOST-dan razıdırlar

1 saylı Bakı DOST Mərkəzinə müraciət edən Bakı sakini, 1958-ci il təvəllüdlü Rza Cəfərov göstərilən xidmətdən razılığını ifadə edib.

O vurğulayıb ki, bu, onun DOST Mərkəzinə üçüncü müraciətidir və hər dəfə əməkdaşlar tərəfindən diqqət və nəzakətlə qarşılanıb. Rza Cəfərovun sözlərinə görə, əvvəlki müraciətləri pensiya məsələsi ilə bağlı olub, bu dəfə isə arayış almaq üçün DOST Mərkəzinə üz tutub. Müraciət etdiyi gün tələb olunan xidməti əldə edib və xidmətin operativ təşkilindən məmnun qalıb.

1 saylı Bakı DOST Mərkəzində 2019-cu ildən pensiya sahəsi üzrə baş mütəxəssis kimi çalışan Natəvan Rzayevanın sözlərinə görə, müraciətlərin əksəriyyəti əmək pensiyasının təyin edilməsi, məbləğinin yenidən hesablanması və bir pensiya növündən digərinə keçirilməsi ilə bağlı olur.

Bildirilib ki, elektron alt sistemlər vasitəsilə vətəndaşların pensiya məlumatları, o cümlədən əmək stajı və arxiv məlumatları operativ şəkildə araşdırılır. Bu da vətəndaşın istifadə etmədiyi hüquqların müəyyən olunmasına imkan yaradır. Belə hallarda vətəndaşa ətraflı məlumat verilir, onun razılığı əsasında müraciəti qəbul edilir və qanunvericiliyə uyğun olaraq 15 iş günü ərzində baxılaraq pensiyası yenidən hesablanır. Əgər əvvəlki dövrlərə aid ödənilməmiş vəsait mövcuddursa, həmin məbləğ də vətəndaşa ödənilir.

DOST-un əməkdaşı qeyd edib ki, müraciətlər zamanı vətəndaşların hüquqlarının bərpası ilə bağlı çoxsaylı müsbət nümunələrə rast gəlinir. Belə ki, pensiyasının məbləğinin az olduğunu düşünən bir vətəndaşın müraciəti araşdırılarkən məlum olub ki, pensiyaya çıxmasından altı il keçməsinə baxmayaraq, pensiyası yenidən hesablanmayıb. Müraciət qəbul edildikdən sonra pensiya yenidən hesablanıb, məbləğ artırılıb və vətəndaşa əvvəlki dövrlər üzrə ödənilməmiş vəsait də təqdim olunub. Vətəndaş göstərilən xidmətdən məmnun qaldığını və təşəkkürünü ifadə edib.

Digər bir müraciət isə uzun müddət xaricdə yaşayan vətəndaşla bağlı olub. Araşdırma zamanı müəyyən edilib ki, onun əmək pensiyası hüququ bir neçə il əvvəl yaranıb və pensiya avtomatik qaydada təyin edilərək, bütün aylıq ödənişlər bank kartı hesabına köçürülüb. Vətəndaşa bank kartını əldə etməsi üçün lazımi dəstək göstərilib və o, iki il ərzində hesabında toplanmış pensiya vəsaitini əldə edərək, göstərilən xidmətdən məmnunluğunu bildirib.
  • Sosial şəbəkədə paylaş