Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişiklik mübahisəyə səbəb oldu

Bu gün Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambula hissəsində dəyişiklik edilib. Dəyişiklikdən sonra "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir" cümləsi konstitusiyaya daxil edilib.

Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib ki, Naxçıvan Muxtar Respublikası və dövlət anlayışları, ümumiyyətlə, konstitusiyada qeyd edilməməlidir.

Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladan deputat bildirib ki, qanunda “Naxçıvanın dövlət rəmzləri haqqında” ifadəsində “dövlət” sözü artıqdır: “Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidirsə, buna da diqqət etməliyik. Naxçıvan haqda dövlət tanıtımı Konstitusiyada qeyd olunmamalıdır".

Naxçıvandan olan sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Musavat.com-a açıqlamasında Fazil Mustafanın fikirlərinin haqlı olduğunu bildirib. O, qeyd edib ki, Naxçıvanda, ümumiyyətlə, Ali Məclis, Nazirlər Kabineti kimi qurumlara ehtiyac yoxdur: "Naxçıvan Azərbaycanın digər rayonları və şəhərləri kimi idarə olunmalıdır. Onun rayonlarına da digər rayonlarımızın idarə edilməsi kimi idarəetmə sistemi tətbiq etmək mümkündür. Son zamanlar işğaldan azad edilmiş bölgələrimizdə təqtbiq olunan Prezidentin Xüsusi Nümayəndəliyi idarəetmə institutunu Naxçvandakı rayonlara da tətbiq etmək olar. Artıq Naxçıvan Muxtar Respublikasına bu tətbiq olunub. Amma bunu ayrı-ayrı rayonlar üzrə də etmək variantlardan biri ola bilər”.

Partiya sədrinin sözlərinə görə, Naxçıvanın Muxtar Respublika statusunu ləğv etməyin Qars və Moskva müqavilələrinə uyğun olmayacağı barədə iddialar yanlışdır: “Bəzən deyirlər ki, Naxçıvanda Ali Məclisin və Nazirlər Kabinetinin ləğvi, yaxud da Naxçıvanın Muxtar Respublika kimi göstərilməməsi 1921-ci ildə imzalanan Qars müqaviləsinə və Moskva müqaviləsinə ziddir. Belə deyil, Qars və Moskva müqavilələrində Naxçıvanın ərazi, yer olaraq müdafiəsi ilə bağlı müddəalar var. Orada Naxçıvan üçüncü ölkənin protektoratı altına düşərsə Türkiyənin müdaxilə imkanları göstərilir. Yəni həmin müqavilələrdə Naxçıvanın inzibati quruluşu və idarəetməsinin necə olması şərti qeyd olunmayıb. Ona görə də düşünürəm ki, Azərbaycanın unitar dövlət olması nəzərə alınaraq və idarəetmənin sadələşdirilməsi, paralelliklərin aradan qaldırılması baxımından Naxçıvanın Muxtar Respublika statusunda qalmasına ehtiyac yoxdur”.
  • Sosial şəbəkədə paylaş