Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

Böyük Britaniyada Leyboristlər Partiyası hökuməti ölkədə yaşamaq hüququ olmayan miqrantların öz ölkələrinə könüllü qayıtmasını təşviq edən proqram çərçivəsində təxminən 40 milyon funt sterlinq xərcləyib.

“The Independent”ə istinadla xəbər verir ki, Leyboristlər Partiyasının 2024-cü ilin iyulunda hakimiyyətə gəlməsindən bu ilin mart ayınadək Daxili İşlər Nazirliyinin könüllü qayıdış proqramından 17 min 346 nəfər yararlanıb. Bu məqsədlə ümumilikdə 35,7 milyon funt sterlinq vəsait xərclənib.

Aprel ayında isə proqram üçün əlavə 4 milyon funt sterlinq ayrılıb. Bununla da Leyboristlər hökuməti dövründə proqram üzrə ümumi xərclər 39,7 milyon funt sterlinqə çatıb. Apreldə proqramdan yararlanan miqrantların sayı hələ açıqlanmayıb. Daxili İşlər Nazirliyinin son məlumatlarına əsasən, əvvəlki Mühafizəkarlar hökuməti dövrünün müqayisə olunan müddətində 6410 nəfərin könüllü qayıdışı üçün 24,2 milyon funt sterlinq xərclənmişdi.

Proqramdan Böyük Britaniyada yaşamaq hüququ olmayan şəxslər yararlana bilirlər. Onlara öz ölkələrinə qayıtdıqdan sonra iş və ya yaşayış yeri tapmaq kimi ehtiyaclarını qarşılamaq üçün 3 min funt sterlinqədək vəsait yüklənmiş kart təqdim edilir. Həmçinin onların geri dönüş üçün aviabilet xərcləri də hökumət tərəfindən qarşılanır.
  • Sosial şəbəkədə paylaş