Azıx mağarasında yeni girişlər aşkarlandı

Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarasında aparılan arxeoloji tədqiqatlar zamanı bir neçə yeni giriş aşkar edilib.

Media xəbər verir ki, Azıx mağarası Füzuli şəhərindən təxminən 14 kilometr şimal-qərbdə, Xocavənd rayonu ərazisində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən təxminən 900 metr yüksəklikdə yerləşir.

Yeni aşkar edilən girişlər mağara kompleksinin quruluşunun və qədim insanların buradakı yaşayış izlərinin daha ətraflı öyrənilməsi baxımından əhəmiyyətli hesab olunur.

Azıx mağarası Paleolit dövrünün nadir və mühüm abidələrindən biridir. Mağara çoxsaylı girişləri və zəngin arxeoloji təbəqələri ilə seçilir. Burada müxtəlif dövrlərdə aparılmış qazıntılar zamanı qədim insanların həyat və fəaliyyətinə dair çoxsaylı maddi sübutlar aşkarlanıb.

Azıx xüsusilə 1968-ci ildə burada qədim insana aid alt çənə sümüyünün tapılması ilə məşhurlaşıb. “Azıxantrop” adlandırılan bu tapıntı Azərbaycanın və bütövlükdə regionun qədim insan məskunlaşması tarixinin araşdırılmasında mühüm yer tutur.

Azıx mağarası Azərbaycanın ən qədim insan düşərgələrindən biri olmaqla yanaşı, keçmiş SSRİ ərazisində məlum olan ən qədim ibtidai insan məskənlərindən biri hesab edilib.
  • Sosial şəbəkədə paylaş