Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.

Belə ki, Çin tərəfinin təqdim etdiyi yoxlama siyahısı əsasında AQTA tərəfindən fındıq istehsalı və emalı müəssisəsində müvafiq yoxlama aparılıb. Yoxlamanın nəticələri qiymətləndirildikdən sonra Agentliyin tövsiyə məktubu hazırlanaraq Çinin Baş Gömrük Administrasiyasına təqdim olunub.

Görülən tədbirlər nəticəsində Azərbaycanda fındıq istehsalı və emalı ilə məşğul olan “AGRARCO” MMC-nin qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) məhsulunun ÇXR-ə ixracı ilə bağlı məlumatları GACC-nin CIFER (China Import Food Enterprise Registration) sistemində təsdiqlənib.

Beləliklə, “AGRARCO” MMC qabığı təmizlənmiş fındığın Çin bazarına ixracı üçün CIFER sistemində rəsmi qeydiyyata alınan ilk Azərbaycan müəssisəsi olub.

“Bu nəticə Azərbaycan fındığının Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, yerli istehsalçıların ixrac imkanlarının artırılması və ölkənin fındıq ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm addımdır”, - deyə məlumatda vurğulanıb.
  • Sosial şəbəkədə paylaş