Şahdağ Milli Parkında yanğının söndürülməsində çətinliklər yaranıb

Qəbələ rayonunun Tikanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivinin yanması ilə əlaqədar yeni məlumatlar üzə çıxıb.

Qəbələ RİH-dən verilən açıqlamada bildirilib ki, təxminən bir hektara yaxın meşəlik ərazi yanıb.

Əraziyə yanğısöndürənlər və işçi qrupu cəlb edilib. Yanğının lokallaşdırılması üçün iş aparılır.

Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.
  • Sosial şəbəkədə paylaş