Rumıniya peyvənd sertifikatından imtina etdi

Rumıniya COVID-19 pandemiyasından sonra fövqəladə vəziyyəti ləğv edir.
AZƏRTAC xəbər verir ki, bu gündən etibarən Rumıniyaya daxil olarkən rəqəmsal COVID-19 sertifikatı tələb olunmayacaq və “sərnişin yaşadığı yer” forması doldurulmayacaq.
“Yaşıl sertifikat” (peyvənd sertifikatı) artıq barlarda, mağazalarda, teatrlarda və kinoteatrlarda tələb olunmayacaq. Bundan əlavə, əyləncə mərkəzləri, klublar və mağazalar normal rejimdə fəaliyyət göstərəcək. Maska taxmaq qapalı məkanlarda artıq məcburi deyil və rumıniyalılar pandemiyadan əvvəl olduğu kimi toy və şənliklər keçirməkdə sərbəstdirlər. İndiyədək Rumıniyada yeni növ koronavirusa 2,7 milyondan çox yoluxma hadisəsi və 64 minə yaxın ölüm faktı qeydə alınıb.
Rumıniyada COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət 2020-ci il martın 16-da tətbiq edilmişdi.
  • Sosial şəbəkədə paylaş