İstanbulda “İran əməliyyatı”... Sui-qəsd şəbəkəsinin aşkar olunduğu deyilir

Türkiyə xüsusi xidmət orqanları İstanbulda İrana bağlı qrupu tərəfindən israillilərə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.

Bununla bağlı İsrailin xarici işlər naziri Yair Lapid bugünkü Ankara səfəri zamanı Türkiyə hakimiyyəti tərəfindən məlumatlandırılıb.

Məlumatda xüsusi xidmət orqanlarının ötən cümə günü, iyunun 17-də həyat yoldaşı ilə İstanbula gələn və şəhərdəki otellərdən birində yaşayan keçmiş İsrail səfirinin oğurlanmasının qarşısını ala bildiyi də qeyd olunur. Bundan əlavə, israilli turistlərə qarşı terror hücumlarının təşkilinə hazırlıq görüldüyü barədə xəbər daxil olub . Türkiyə əks-kəşfiyyatı 10 şübhəli şəxsi həbs edib.

Gələn informasiyalarda həbslərin bir oteldə və üç şəxsi mənzildə aparıldığı bildirilir.

Saxlanılanlar arasında həm əcnəbilər, həm də Türkiyə vətəndaşları var. “Cümhuriyyət” qəzetinin xəbərinə görə, İran kəşfiyyat agentləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri özlərini əcnəbi tələbələr, iş adamları və turistlər kimi təqdim ediblər. Həmin mənzillərdə snayper tüfəngləri və digər silahlar aşkar edilib.
  • Sosial şəbəkədə paylaş