11 tələbə qızı öldürən rus manyak - müharibəyə qatılmaq üçün müraciət etdi

11 gənc qızın qətlində təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı seriyalı qatil Vitali Manişin Ukraynaya qarşı müharibəyə göndərilməsini istəyib.

Rusiya Teleqram kanallarının məlumatına görə, Manişin saxlanıldığı Yeniseysk həbsxanasının rəhbərliyinə müraciət edərək Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq və müharibəyə yollanmaq istədiyini bildirib. Hələlik onun müraciətinə cavab verilməyib.

Vitali Manişin yalnız cinayətlərin törədilməsindən onilliklər sonra saxlanılıb. O, uzun illər adi həyat sürüb və hətta aşağı vəzifəli dövlət məmuru kimi çalışıb.

İstintaqın müəyyən etdiyinə görə, Manişin 1980-ci illərin sonlarından 2000-ci illərin əvvəllərinədək gənc qızları qətlə yetirib. Onun qurbanlarının əksəriyyəti Altay Dövlət Texniki Universitetinə qəbul olmaq istəyən abituriyentlər olub.

Manişin qızlara universitetə qəbul olunmaqda “kömək edəcəyini” vəd edərək onların etimadını qazanıb, daha sonra isə onları qətlə yetirib.

Məhkəmə Manişini 11 qızın qətlində təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib.
  • Sosial şəbəkədə paylaş