Qazaxıstan parlamenti LGBT və pedofiliya təbliğatını qadağan etdi

Qazaxıstan parlamentinin aşağı palatası – Məclis “pedofiliya və qeyri-ənənəvi cinsi orientasiyanın təbliği”nin qarşısını almaq məqsədilə qanun layihəsini qəbul edib. Qanun layihəsi “Kütləvi informasiya vasitələri haqqında”, “Onlayn platformalar və onlayn reklam haqqında” qanunlara, eləcə də bir sıra digər normativ aktlara dəyişikliklər edilməsi barədə müddəaları əhatə edir.

Məclisdə bildirilib ki, bu dəyişikliklərin əsas məqsədi “uşaqları sağlamlıqlarına və mənəvi inkişaflarına zərər vura biləcək məzmundan qorumaq”dır. Deputatlar hesab edirlər ki, son illərdə sosial şəbəkələr və onlayn resurslar vasitəsilə yayılmış “qeyri-ənənəvi münasibətləri normallaşdıran” materiallar gənclərin düşüncəsinə mənfi təsir göstərir və dövlətin ailə institutunu qorumaq öhdəliyinə ziddir.

Yeni düzəlişlərə əsasən, yetkinlik yaşına çatmayanlara yönəlmiş bu cür məzmunların paylaşılması və ya təbliği inzibati məsuliyyət doğuracaq. Qanunsuz şəkildə yayılan materiallara görə cərimə və ya 10 sutkayadək inzibati həbs cəzası nəzərdə tutulur.

Eyni zamanda, sənəddə qeyd olunur ki, yalnız böyüklər üçün nəzərdə tutulan 18+ materialların nümayişinə qadağa qoyulmur, lakin belə məzmunun uşaqlar üçün əlçatan olmaması təmin edilməlidir.

Qazaxıstan hökuməti bu qanunla uşaqların mənəvi təhlükəsizliyinin qorunmasını, ailə dəyərlərinin möhkəmləndirilməsini və ictimai rəyə təsir edən media məzmununun nəzarət altına alınmasını əsas hədəf kimi göstərib.
  • Sosial şəbəkədə paylaş