Prezident Ermənistanı silahlandıran dövlətləri yenə xəbərdar etdi – detallar

Prezident ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumundakı çıxışında və ekspertlərin suallarına cavablarında Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin mühüm amillərinə toxunmaqla yanaşı ölkəmizə təsiri olan regional problemlərin həllindən də danışdı.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a açıqlamasında deyib. Ekspert dövlət başçısının çıxışındakı bəzi məqamlara diqqət çəkərək bunları bildirib: “Birincisi, dövlət başçısı bir daha xatırlatdı ki, Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazırdır, ancaq bunun üçün iki önəmli – Minsk Qrupundan imtina və Ermənistan Konstitusiyasında zəruri dəyişiklik şərtimiz yerinə yetirməlidir. Eyni zamanda Prezidentin bu mövzuyla bağlı əlavəsi də əhəmiyyətli idi. Sülh sazişi imzalansa belə, iki xalq asanlıqla barışmayacaq. Ermənilərin törətdikləri vəhşiliklər, soyqırımlar, işğal, o cümlədən işğal altındakı ərazilərin dağıdılmasını unutmayacağıq. Bütün hallarda Prezidentin də söylədiyi kimi, biz bölgədə sülh və əməkdaşlıq şəraiti yaratmağa hazırıq. Ancaq qarşı tərəf buna hazırdırmı? Baş nazir Nikol Paşinyan özünü Azərbaycanla sülhə hazırlıqlı göstərməyə çalışsa da, Ermənistan yalnız Paşinyandan ibarət deyil. İlham Əliyevin də forumda söylədiyi kimi, qonşu ölkədə revanşist qüvvələr mövcuddur və onlar yenə başlarını qaldırıblar. Paşinyanın reytinqi aşağı düşməkdədir. Onun partiyası iki mühüm şəhərdə bələdiyyə seçkilərində revanşist qüvvələrə məğlub olub. Həmin revanşist qüvvələr isə Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verməyə, qonşu ölkələrə qarşı ərazi iddialarını səsləndirməkdən çəkinmirlər. Bu qüvvələrlə sülh necə mümkün olacaq? Bu, bizim üçün əsas suallardan biridir”.
  • Sosial şəbəkədə paylaş