Münhendə Azərbaycan Prezidenti ilə İraq Kürdüstan Regionunun Başçısının görüşü olub

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub.

President.az-ın məlumatına görə, Neçirvan Bərzani dövlətimizin başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd edib.

İraq Kürdüstan Regionunun Başçısı Azərbaycana səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayıb. Səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin nümayəndələrinin yaxından çalışdıqları vurğulanıb. Həmçinin, İraqın mərkəzi hökuməti ilə Azərbaycan arasında əlaqələr məmnunluqla qeyd olunub.

Söhbət əsnasında İraqın müxtəlif şəhərləri ilə Azərbaycan arasında birbaşa uçuşların olmasının önəmi qeyd edilib. Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.
  • Sosial şəbəkədə paylaş