Ukraynanın 1026 hərbçisi əsir düşdü

Mariupolda 1026 Ukrayna hərbçisi könüllü təslim olub, onlardan 162-i zabitdir.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, dünən gecə Çeçenistanın başçısı Ramzan Kadırovun verdiyi qiymətləndirmə ilə üst-üstə düşür. O, aprelin 13-nə keçən gecə minə yaxın dəniz piyadasının təslim olduğunu açıqlamışdı. Aprelin 8-də Kadırov Rusiya Silahlı Qüvvələrinin Mariupol ərazilərinin 98%-nə nəzarəti ələ keçirdiyini də bildirmişdi.

Rusiya MN-in rəsmi nümayəndəsi İqor Konaşenkovanın sözlərinə görə, əsirlər 36-cı dəniz piyadaları briqadasının hərbi qulluqçularıdır. Nazirlik iddia edir ki, dəniz piyadaları Rusiya Silahlı Qüvvələrinin və “DXR” bölmələrinin uğurlu hücum fəaliyyəti nəticəsində İliç adına metallurgiya kombinatı rayonunda könüllü şəkildə silahı yerə qoyublar.

Konaşenkov əlavə edib ki, 151 yaralı dəniz piyadasına yerindəcə ilkin tibbi yardım göstərilib, sonra isə onlar şəhər xəstəxanasına çatdırılıblar.

Aprelin 4-də Rusiya Müdafiə Nazirliyi Mariupolda Ukrayna hərbçilərinə silahı yerə qoymağı və Ukrayna tərəfi ilə razılaşdırılmış marşrut üzrə Zaporojye istiqamətindən Kiyevin nəzarət etdiyi ərazilərə keçməsini təklif etdiklərini bəyan etmişdi.
  • Sosial şəbəkədə paylaş