Britaniya 811 min dollara aldığı zirehli maşınları Ukraynaya göndərir

Böyük Britaniyanın Ukraynaya “Mastiff” ağır zirehli maşınları göndərəcəyini müdafiə naziri Ben Uolles təsdiqləyib.

Alp.Az bu barədə Defence24.Pl portalına istinadla xəbər verir.

Portal qeyd edir ki, “Mastiff” zirehli avtomobili Avstraliya “Bushmaster”indən sonra ikinci ən bahalı minadan mühafizə vasitəsidir (MRAP). Baş nazir Boris Consonun Kiyevə səfərindən sonra elan etdiyi 120 avtomobilin hamısı olmasa da, ən azı bir qismi “Mastiff”lərdən ibarət olacaq. Xatırladaq ki, bir neçə gün öncə Avstraliya hökuməti Ukraynaya 20 ədəd “Bushmaster” göndərmişdi.

20 ədəd “Bushmaster”in qiyməti Avstraliya dolları ilə 50 milyon, ABŞ dolları ilə isə 37 milyon dollardır.

Beləliklə, bir ədəd “Bushmaster” Avstraliya hökumətinə 1 milyon 850 min ABŞ dollarına başa gəlib, lakin bu MRAP-in bir ədədinin qiyməti “sifarişçi”nin təchizata dair istəyinə görə 2,5 milyon ABŞ dollarına qədər dəyişə bilir.

“Mastiff”lərin biri isə ortalama qiymətlə Böyük Britaniya hökumətinə 810 min 694 ABŞ dollarına başa gəlib, lakin 2010-cu ildə Birləşmiş Krallıq hökuməti 102 ədəd “Mastiff” üçün istehsalçı “Force Protection” şirkətinə 122 milyon – yəni, hər maşına görə 1 milyon 196 min ABŞ dolları ödəmişdi. (mənbə: army-guide.com).
  • Sosial şəbəkədə paylaş