Zelenski İsraildən “Dəmir Günbəz” istədi

Onun ukraynalıların yaşadıqlarını Holokost zamanı yəhudilərin yaşadığı ilə müqayisə etməsi mənfi reaksiyaya səbəb olub.

İsrail parlamenti-Knessetdə video-formatda danışan Ukrayna prezidenti Vlodimir Zelenski bu ölkənin hakimiyyətini və yəhudi xalqını neytrallıqdan əl çəkməyə, Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləməyə çağırıb. Xüsusilə, bu cür dəstək, Ukrayna prezidentinin fikrincə, Fələstinin raket hücumlarına qarşı effektivliyi ilə tanınan “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin tədarükü və Rusiyaya qarşı sanksiyalarda ifadə oluna bilər.

Bundan əlavə, Zelenski İsrail hakimiyyətindən ukraynalı qaçqınların ölkəyə girişinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib. Müraciətə hələ ki, rəsmi cavab verilməyib - buna baxmayaraq, fevralın 24-dən artıq 6500-ə yaxın ukraynalı qaçqın ölkəyə gəlib. Baş nazir Naftali Bennet isə prezident Vladimir Putinlə danışıqlar aparmaq üçün martın 5-də Moskvaya uçub. İsrail hərbi zorakılığı pisləsə də, bitərəf qalmaq və Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək niyyətini rəsmən bəyan edir.

Zelenskinin ukraynalıların Holokost zamanı yəhudilərin yaşadığı ilə müqayisə etməsi isə mənfi reaksiyaya səbəb olub. İsrail parlamentinin deputatı Simç Rothman öz tvit səhifəsində eyham vurub ki, xüsusən də İkinci Dünya müharibəsi zamanı ukraynalılar yəhudi qırğınlarının fəal iştirakçıları, işğalı zamanı isə çox vaxt yəhudilərin məhv edilməsində faşistlərin ortaqları olublar.

Ukraynanın İsrailin “Dəmir Günbəz” və ya ona bənzər raketdən müdafiə sistemi almaq istəmələri haqda informasiyalar çoxdan var.

Müharibədən cəmi bir neçə gün əvvəl isə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tədarükünə yardım etmək üçün İsrailə müraciət etdiyi deyilirdi. İsrailin "Kan 11" telekanalı Ukrayna hakimiyyətinin rəsmi müraciəti barədə məlumat paylaşmışdı. Yayılan informasiyada Kiyevin İsrailin hava hücumundan müdafiə vasitələrinin alınması ilə bağlı müqavilə bağlamaq istədiyi vurğulanırdı. Razılaşma rəsmiləşərdisə, tədarüklər yaxın bir neçə il ərzində həyata keçiriləcəkdi.

Məlumat üçün deyək ki, "Dəmir Günbəz" batareyası dəstinin dəyəri təxminən 200 milyon dollardır, yalnız bir raketi zərərsizləşdirmək üçün atılan raketin dəyəri isə 50 ilə 150 min dollar arasında qiymətləndirilir. Bundan əlavə, “Dəmir günbəz”ə raketlərin atılmasını aşkarlamaq və onların hərəkət trayektoriyasını izləmək olan iki EL / M-2084 MMR radiolokasiya stansiyasını daxildir. Radar məlumatlarının işlənməsi və rəhbərliyi, demək olar ki, avtomatik olaraq iki komanda məntəqəsi tərəfindən həyata keçirilir. Radar sisteminin qiyməti 34,7 milyon dollar dəyərindədir. Sistemə daxil olan “Tamir” raket tutucusunun qiyməti isə 150 min dollar civarındadır. Məlumata görə, İsrail müdafiə qüvvələrində 10 “Dəmir günbəz” batareyası var. Son iki batareya hərbçilərin istifadəsinə 2019-2020-ci illərdə verilib. İsrailin raketdən müdafiə sistemləri Rusiya müdafiə sistemlərinə oxşardır. Fərqlər yalnız zenit kompleksləri və sistemlərinin tərkibindədir.

Amma “Dəmir Günbəz” 2021-ci ilin mayında Qəzza zolağında 10 gün davam edən qarşıdurmada İsrailin bütün əraziləri qoruya bilməyib. Bir neçə cəbhədə atılan raketləri tam zərərsizləşdirmək mümkün olmayıb. İddiaya görə, raketlərin sürətini, dəqiqliyini və atışların intensivliyini artırmaqla “Dəmir Günbəzi”n effektivliyini aşağı salmaq mümkün olur.

Orxan ƏLİYEV,
Musavat.com
  • Sosial şəbəkədə paylaş