Bakı növbəti Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər

Zelenskinin Bakıya etimadı və Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal olması bu şansı artırır; ekspertlər nə deyir?
Ukraynada gedən müharibənin fonunda keçirilən Rusiya-Ukrayna danışıqları diqqətlə izlənilir. Danışıqların nəticəsi barədə elə də ciddi nəticələr gözlənilməsə də, hər halda, insan itkisi və dağıntıların minimuma endirilməsi baxımından əhəmiyyətli sayılır.

Bu sətirləri yazdığımız zaman artıq danışıqlara start verilmişdi. Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır. Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi. Belarusun xarici işlər naziri Vladimir Makey açılış nitqi ilə qonaqlara müraciət edib. Musavat.com xəbər verir ki, bu barədə RT məlumat yayıb. Vladimir Makey bildirib ki, tərəflər özlərini tam təhlükəsizlikdə hiss edə bilərlər. Bundan əlavə, Ukrayna və Rusiyanın razılığa gələcəyinə ümid edir.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti Vladimir Medinskinin rəhbərliyi ilə, hələ bir gün əvvəl ukraynalıları Qomeldə gözləyirdi. Nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil olub. Lakin prezident Zelenski bu danışıqların əhəmiyyətinin olmadığını, həmçinin, prezident Lukaşenko ilə danışıb, razılaşsa belə, Ukrayna ərazilərinin Belarusdan atəşə tutulduğunu bəyan edərək danışıqlara vasitəçiliyi qəbul etməmişdi. Lakin eyni zamanda növbəti müraciətində bildirmişdi ki, o, Ukraynanın danışıq tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirmək üçün təmaslardan imtina etmir.

Belarusda Ukrayna ilə Rusiya arasında danışıqlar

Ukrayna nümayəndə heyətinin üzvləri aşağıdakılardan ibarətdir: “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia, Ukraynanın müdafiə naziri Oliksey Reznikov, Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak, Andrey Kostin, TCG-də Ukrayna nümayəndə heyətinin rəhbəri, Xalq deputatı Rüstəm Umerov, Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski. Bildirilib ki, Kiyev dərhal atəşkəs və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqları Belarusda aparmaqdan imtina edərkən demişdi ki, RF ilə daşıqlar Minskdə yox, Varşavada, Budapeştdə, İstanbulda, Bakıda keçirilə bilər. “Əlbəttə, biz sülh istəyirik, biz görüşmək istəyirik, biz müharibənin qurtarmasını istəyirik. Varşava, Bratislava, Budapeşt, İstanbul, Bakı - biz Rusiya tərəfinə bütün bunları təklif etmişik. Bəli, hər hansı başqa şəhər, ərazisindən raketlərin atılmadığı ölkə bizə məqbuldur. Yalnız belə danışıqlar dürüst ola bilər və müharibəni həqiqətən də qurtarmaq olar”, - Ukrayna prezidentinin “Teleqram” kanalında dərc olunmuş müraciətində belə deyilirdi.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfər edəcək - Türkiye'nin haber kaynağı

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi. Zelenski atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. O, Azərbaycan Prezidenti İlham Əliyevə humanitar yardım və dərman vasitələrinin göndərilməsinə görə təşəkkür edib.

Bundan əvvəl bildirilirdi ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin dialoqu zamanı Ukraynanın neytral statusu müzakirə oluna bilər. Bu barədə UNİAN-a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib. “Bu, ilk növbədə, sülh və atəşkəs haqqında ətraflı söhbət olacaq. Aydın təhlükəsizlik zəmanətləri paketi ilə neytral status da müzakirə oluna biləcək variantdır”, - Podolyak deyib.

Ukrayna prezidenti Volodimir Zelenski növbəti müraciətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Zelenski bu barədə “Twitter” hesabında paylaşım edib. “Güclü dəstəyə görə dostum, cənab prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edirəm. Qara dənizə Rusiya hərbi gəmilərinin keçməsinə qadağa qoyulması və əhəmiyyətli hərbi və humanitar yardımlar bu gün son dərəcə vacibdir. Xalqımız bunu heç vaxt unutmayacaq!” - deyə Zelenski qeyd edib.

Ukrayna ilə Rusiya arasında danışıqlar müharibənin gedişinə nə kimi təsir göstərəcək? Qeyd etdiyimiz kimi, Zelenski deyib ki, danışıqlardan heç nə gözləmir. Növbəti danışıqlar İstanbulda, yaxud Bakıda ola bilərmi? Azərbaycan paytaxtı bu görüşü təşkil etməyə həvəslidirmi? Hər halda, indiyədək NATO və Rusiya, ABŞ-Rusiya generallarının Bakıda görüşləri olub. Yəni Bakının ev sahibliyi etmək baxımından kifayət qədər təcrübəsi var, eyni zamanda Rusiya ilə də, Ukrayna ilə də normal münasibətlərini saxlayır.
  • Sosial şəbəkədə paylaş