Rusiya ordusu aprelin 25-nə keçən gecədən başlayaraq Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib.Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, hava hücumu nəticəsində yaşayış binalarına, müəssisələrə və sənaye infrastrukturuna ziyan dəyib. Şəhərdə yanğınlar baş verib.
Dördmərtəbəli yaşayış binası qismən dağılıb. İlkin məlumatlara görə, biri uşaq olmaqla 14 nəfər yaralanıb. Beşi uşaq olmaqla 30 nəfər xilas edilib.
İnsanların dağıntılar altında qaldığı ehtimal olunur. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir. Psixoloqlar da hadisə yerindədir və lazımi yardım göstərirlər.
Hava zərbələri nəticəsində Xarkov şəhərində də dağıntılar qeydə alınıb, 2 nəfər xəsarət alıb. Kiyev vilayətinə də endirilən hava zərbələri nəticəsində dağıntılar qeydə alınıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, Rusiya ordusu kütləvi hava hücumu zamanı 47 müxtəlif tipli raketdən və 619 drondan istifadə edib. Raketlərdən 12-si ballistik raket olub. Ukrayna hava hücumundan müdafiə sistemi 30 raketi və 580 dronu zərərsizləşdirməyi bacarıb.


