İsrailli nazirin qızı ölü tapıldı

İsraildə yüksək vəzifəli məmurun ailəsi ilə bağlı yeni qalmaqal gündəmə gəlib. Keçmişdə valideynlərini ağır cinayətlərdə ittiham edən nazirin qızı ölü tapılıb.

Хarici mediaya istinadən xəbər verir ki, İsrailin məskunlaşmalar və milli missiyalar naziri Orit Strukun qızı Şoşana Struk Qalileya bölgəsində yerləşən Amirim qəsəbəsində kirayədə yaşadığı bağ evində ölü vəziyyətdə tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları faktla bağlı araşdırmaya başlayıb. Şoşana Strukun cəsədi ölüm səbəbinin dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilib. İlkin məlumatlara görə, onun intihar etdiyi ehtimal olunur, lakin hadisə şübhəli ölüm kimi araşdırılır.

Nazir Orit Struk sosial şəbəkələrdə qızının ölümünü təsdiqləyərək bildirib:
“Sevimli qızımız Şoşananın ölümü qəlbimizi parçaladı”.

Şoşana Struk ötən il sosial şəbəkələrdə yayılan videomüraciəti ilə İsraildə böyük rezonans doğurmuşdu. İtaliyada yaşayan Struk həmin videoda anasını, atasını və qardaşını uzun illər ərzində ona qarşı seksual zorakılıq törətməkdə ittiham etmişdi.

Onun sözlərinə görə, uşaq yaşlarından etibarən “pedofil ayinləri” adlandırdığı mərasimlərə aparılıb və sistemli şəkildə zorakılığa məruz qalıb. Bu iddialar İsrail cəmiyyətində geniş müzakirələrə səbəb olmuş və bir müddət ölkə mediasında məsələ ilə bağlı məlumatların yayılmasına məhkəmə qadağası tətbiq edilmişdi.

Şoşana daha sonra İsrailə qayıdaraq polisə rəsmi şikayət etdiyini və kiçik bacı-qardaşlarının da valideynləri tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia etmişdi. O, polisə müraciətində təhlükə altında olduğunu bildirərək belə demişdi:
“Cinayətkar qrupların mənə hədə-qorxu gəldiyini başa düşdüm və həyat yoldaşımla birlikdə İsrailə qayıtdım. İsrail polisindən məni öz ailəmdən qorumağı xahiş edirəm”.

Məlumatlara görə, Şoşananın qardaşı Sviki Struk da 2007-ci ildə fələstinli uşağın oğurlanması və işgəncəyə məruz qoyulması ilə bağlı ittihamlarla gündəmə gəlmişdi.

Hadisənin bütün təfərrüatlarının araşdırılması davam edir.
  • Sosial şəbəkədə paylaş