İsrailin Tehranı bombardmanı davam edir

İsrailin Tehran üzərinə hava hücumları bu gün də davam edib.

Paytaxtın müxtəlif istiqamətlərində partlayış səslərinin eşidildiyi, bir sıra obyektlərə ziyan dəydiyi bildirilir. Yerli mənbələrin yaydığı məlumata görə, zərbələr nəticəsində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Gülüstan sarayı da dağıntılara məruz qalıb.

Qacarlar dövrünə aid olan və İranın ən mühüm tarixi-memarlıq komplekslərindən sayılan Gülüstan sarayı paytaxt Tehranın mərkəzində yerləşir. İlkin məlumatlarda saray kompleksinin bir neçə hissəsinin zədələndiyi, tarixi interyer və dekor elementlərinə ziyan dəydiyi qeyd olunur. Rəsmi Tehran mədəni irs obyektinə dəyən zərəri ölkənin tarixi kimliyinə qarşı hücum kimi qiymətləndirir və məsələ ilə bağlı beynəlxalq qurumlara müraciət ediləcəyini açıqlayıb.

Məlumatlara əsasən, İranın hava hücumundan müdafiə sistemi hücumlar zamanı effektiv fəaliyyət göstərməyib. Bu isə İsrail Hərbi Hava Qüvvələrinin əməliyyatlarını asanlaşdırıb. Oxşar vəziyyət 2025-ci ilin iyununda baş vermiş bombardmanlar zamanı da müşahidə edilmiş, həmin vaxt da ciddi qarşıqoyma qeydə alınmamışdı.

Tehranda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib, bir sıra yollar bağlanıb. Əhali arasında təlafat olduğu bildirilir. Rəsmi qurumlar isə vəziyyətə nəzarətin davam etdiyini açıqlayırlar.
  • Sosial şəbəkədə paylaş