Fransada hökumət yenidən formalaşdırılıb

Yelisey Sarayının yaydığı bəyanata əsasən, Baş nazir Sebastyan Lökornü bələdiyyə seçkilərinin birinci turuna üç həftədən az vaxt qaldığı bir dövrdə hökumət komandasını yeniləyib.

S.Lökornü hələ fevralın əvvəlində bu dəyişikliklərin bələdiyyə seçkilərində namizəd olan nazirlərə seçki kampaniyası aparmaq imkanı yaratmaq məqsədilə edilən məhdud tənzimləmələr olacağını bildirmişdi.

Dəyişikliklərə əsasən, Hesablama Nazirliyində Ameli de Monşaleni David Amyel əvəz edib. Paris meriyası uğrunda mübarizə aparan mədəniyyət naziri Raşida Datinin yerinə Versal Sarayının sabiq prezidenti Katerin Peqar təyin olunub.

Əlillər və muxtariyyət məsələləri üzrə nazir vəzifəsi Kamiy Qalyar-Minyeyə həvalə edilib. Sabrina Aqresti-Rubaş peşə təhsili və şagirdlik üzrə nazir kimi hökumətə qayıdıb. Hökumət sözçüsü Mod Brejon isə enerji sahəsinə cavabdeh olacaq.

Bu, Sebastyan Lökornünün rəhbərlik etdiyi hökumətin üçüncü tərkibidir. Milli Assambleyada sabitlik qorunacağı təqdirdə, kabinetin mandatın sonunadək fəaliyyət göstərməsi planlaşdırılır. Yeni hökuməti qarşıdakı aylarda dövlət idarəçiliyi, kənd təsərrüfatı və həyatın sonu (evtanaziya) ilə bağlı qanun layihələrinin müzakirəsi gözləyir.
  • Sosial şəbəkədə paylaş