Hindistandan təcili "İranı tərk edin" çağırışı

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda Hindistan hökuməti öz vətəndaşları üçün ən yüksək səviyyəli xəbərdarlıq yayıb.

Hindistanın Tehrandakı səfirliyi ölkədə olan bütün Hindistan vətəndaşlarına müraciət edərək, təcili şəkildə İranı tərk etməyi tövsiyə edib.

Səfirliyin yaydığı rəsmi bəyanatda hazırda İran ərazisində yaşayan və ya müvəqqəti olan bütün Hindistan vətəndaşlarına müraciət olunur: "İrandakı bütün Hindistan vətəndaşlarını mövcud olan bütün nəqliyyat vasitələrindən istifadə edərək dərhal ölkəni tərk etməyə çağırırıq".

Yeni Dehlinin bu addımı regionda genişmiqyaslı hərbi əməliyyatların başlanması riskinin ciddi olduğunu göstərir. Xüsusilə ABŞ və İsrailin İrana qarşı mümkün hava zərbələri barədə yayılan məlumatlar fonunda Hindistanın vətəndaşlarını təxliyə etməsi, kəşfiyyat məlumatlarının qaçılmaz bir toqquşmaya işarə etdiyi kimi qiymətləndirilir.

Bəllidir ki, adətən bu növ kütləvi təxliyə çağırışları hərbi zərbələrə bir neçə saat və ya gün qalmış edilir. Hindistanın İrandakı geniş işçi qüvvəsi və tələbə kontingentini nəzərə alsaq, bu qərarın regiondakı sabitliyi tamamilə sarsıdacaq bir hadisənin carçısı olduğu şübhə doğurmur.

Hazırda İranın hava limanlarında və quru sərhədlərində sıxlığın artacağı gözlənilir. Hindistan Xarici İşlər Nazirliyi vəziyyəti yaxından izləmək üçün xüsusi operativ qərargah yaradıb.
  • Sosial şəbəkədə paylaş