Putinin Bişkekə səfəri zamanı Ukrayna səfirliyi LED ekranla gizlədildi

Bişkekdə Rusiya Prezidenti Vladimir Putinin səfəri ərəfəsində Ukrayna səfirliyinin qarşısına böyük LED ekran quraşdırılıb. Ekran səfirlik binasını və Ukrayna bayrağını Prezident Administrasiyasının rezidensiyasından görünməz edib.

Ukrayna jurnalisti Qriqori Pırlık bildirib ki, ekran elə yerləşdirilib ki, Putinin 27 noyabrda səfər etdiyi rezidensiyadan Ukrayna səfirliyi görünməyib. Kreml müxbiri Aleksandr Yunaşev qeyd edib ki, Rusiya prezidentinin səfəri zamanı ekranda Rusiya bayrağı nümayiş etdirilib.

Ukraynanın Qırğızıstandakı səfirinin müşaviri Denis Avtonomov “Azattyk”a açıqlamasında məsələyə geniş münasibət bildirməkdən imtina edib: “Şərh etməyəcəyəm, amma səbəb-nəticə əlaqəsi, görünür ki, müəyyən dərəcədə var”.

Qırğızıstan Prezident Administrasiyası isə ekranın quraşdırılmasını belə izah edib: “Bu, yeni protokol elementi sayılır. Ekran hökumət materiallarının və protokol tədbirlərinin vizual müşayiəti üçün istifadə olunacaq”.
  • Sosial şəbəkədə paylaş