Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların hamısı evə buraxılıb

Hacıqabul rayonunun Muğan kənd ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 28 nəfər - 12 kişi, 7 qadın, 9 azyaşlı iyulun 12-də saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.

TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfərin (3 kişi, 3 qadın, 8-i azyaşlı) vəziyyəti qənaətbəxş sayıldığından ambulator müalicə üçün evə buraxılıblar.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfərə (9 kişi, 4 qadın, 1-i azyaşlı) də zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
  • Sosial şəbəkədə paylaş